×

Şarl Perro

Şarl Perro

Şarl Perro

Dünyada elə bir insan yoxdur ki, Şarl Perronun nağılları ilə tanış olmasın. Artıq neçə yüzilliklərdir ki, uşaqlar Zoluşkanın, Çəkməli pişiyin, Qırmızı papağın, Yatmış gözəlin hekayəsini oxuya- oxuya böyüyürlər. İllər keçsə də onların dəyəri itmir.

Şarl Perro və əkiz qardaşı Fransua 1628-ci ilin yanvarın 12- də Parisdə anadan olublar. Atası parlament hakimi, anası isə  evdar qadın olub. Oğullarından böyük nailiyyətlər gözləyən ata onlar üçün Fransa krallarının — II Fransisk və IX Karlın adlarını seçib. Təəssüf ki, Fransua tez vəfat edib.

Əvvəlcə anası  Şarlın və qardaşlarının təhsili ilə məşğul olurdu. O, uşaqlara oxumağı və yazmağı öyrədirdi. Səkkiz yaşında Şarl Perro böyük qardaşları kimi Sorbonna yaxınlığındakı Bove Universitetinin incəsənət fakültəsində oxumağa başladı. Amma müəllimlərlə münaqişə ucbatından oğlan məktəbi yarımçıq qoydu. Dostu Boren ilə birlikdə özbaşına təhsilini davam etdirdi. Oğlanlar bir neçə il ərzində kollecdə öyrədilən hər şeyi, o cümlədən yunan və latın dillərini, Fransa tarixini və qədim ədəbiyyatı təkbaşına öyrəndilər.

Daha sonra Şarl fərdi müəllimdən dərs almağa başladı. 1651-ci ildə hüquq dərəcəsi aldı və qısa müddət hüquq bürosunda çalışdı. Perro tezliklə hüquq sahəsindən sıxıldı və gənc hüquqşünas böyük qardaşı Klodun yanına işləməyə getdi. Klod Perro sonralar Fransa Elmlər Akademiyasının ilk üzvlərindən biri və Luvr Sarayının və Paris Rəsədxanasının yaradılmasında əli olan bir memar kimi məşhurlaşdı.

1654-cü ildə Şarl Perronun böyük qardaşı vergi sahəsində işləyirdi. Şarl on il qardaşının yanında katib işlədi. O, asudə vaxtlarında  kitablar oxuyurdu. Sonralar maliyyə işlərini idarə edən Jan Batist Kolber Şarl Perronu katib vəzifəsinə götürdü. Şarl artıq mədəniyyət işləri üzrə müşavir idi. Kolberin dövründə Perro Yazıçılar Komitəsinin üzvü oldu. Onun vəzifəsi kralı və kral siyasətini tərifləmək idi.

1671-ci ildə Perro  Elmlər Akademiyası üzvü seçildi, 1678-ci ildə isə onun sədri təyin edildi. Şarl Perronun karyerası və bununla da onun maliyyə rifahı yüksəlirdi.

Şarl Perronun şəxsi həyatı haqqında çox az şey məlumdur. Karyerasına həvəsli olan yazıçı gec, 44 yaşında ailə həyatı qurub. Həyat yoldaşı Mari Şarldan 25 yaş kiçik idi. Evlilikdən üç oğul və bir qız dünyaya gəldi. Lakin toydan 6 il sonra Mari qəfildən dünyasını dəyişdi.

Şarl Perro öz yaradıcılığına şeir yazmaqla başlamışdı. Sonradan nağıllar yazmağa başladı. Uşaqlara olan sevgisi onu bütün vəzifələrdən uzaqlaşıb özünü uşaq ədəbiyyatına həsr etməyə yönəldirdi. Onun nağıllarında müxtəlif obrazlar var idi və bu obrazlar öz müxtəlifliyi, gözəlliyi, əyləncəli olmaqları ilə fəqrqlənirdilər. Şarl Perroya qədər olan uşaq yazıçılarından heç kimin nağılları bu qədər sevilməmişdi.

Şarl Perronun  Qırmızı papaq, Zoluşka, Yatmış gözəl, Çəkməli pişik, Göysaqqal, Küllücə nağılları uşaqların ən sevimli nağılları siyahısındadır.

Oğlunun erkən ölümü Şarl Perro üçün amansız bir zərbə oldu. O, dörd il sonra, 1703-cü il mayın 16-da, bəzi mənbələrə görə — Rozier qəsrində, digərlərinə görə — Parisdə vəfat etdi.

 

Отправить комментарий