×

Xoşbəxtlik nədir

Xoşbəxtlik

Xoşbəxtlik nədir

Dünya fırlanır, milyonlarla insan bu fırlanan dünyanın üstündə fırlanır, yaşayır və ya sadəcə var olur. Onlar müxtəlif dillərdə danışır, müxtəlif adət- ənənəyə sadiq qalır, müxtəlif dinləri qəbul edirlər. Onların dərilərinin rəngi, gözlərinin forması, dodaqları, saçları, boyları fərqli olur. Onlar özlərindən fərqli olan insanları qəbul etmir, müharibələr edir, bir qarış torpağa görə qan tökürlər. Onlar ailə qurur, uşaq dünyaya gətirir, artıb çoxalırlar. Onlar öz yaşadıqları yerləri bəyənmir, başqa ölkələrə köçür, daimi axtarışda olurlar. Onlar təhsil alır, işləyir, müxtəlif dərəcələrə sahib olurlar.  Amma yenə naliyyətlərindən asılı olmayaraq dünyanın bütün insanlarını bir sual maraqlandırır : » Xoşbəxtlik nədir?». Bu suala verilən cavablar heç kimi qane etmir. Biri xoşbəxt ailə, biri sağlam can, biri çoxlu pul, biri gözəl iş, biri tərbiyəli, xeyirli övlad və ya bunların hamısıni birlikdə deyir. Amma yenə əsrlərdir bu sual soruşulur. Deməli, bu sualın cavabı deyil bunlar.

Bir dəfə Allah gildən insan yaratdı. Əlində bir az artıq gil qaldı və o, insandan soruşdu.  Bu gildən sənə nə düzəldim? İnsan isə Allahdan «xoşbəxtlik» istədi. Allah heç nə demədi. Əlindəki gili insanın ovcuna qoydu.

Fikrimcə, xoşbəxtlik ancaq mənəvi olur. Xoşbəxtlik inamdır, güvəndir. Xöşbəxtlik sağlam düşüncədir.

Bəzi insanlar həyata xoşbəxt doğulurlar. Onlar dünyaya göz açanda onların heç nəyi olmur. Heç kim doğulduğu evi, ailəni özü seçmir. Əgər bir insan bu dünyaya əqli və fiziki cəhətdən normal gəlibsə, həyatda qalan çox şeyi əldə etməyə qadirdir. Xoşbəxtlik hər şeydə bir gözəllik axtarmaqdır və tapmaqdır. Xoşbəxtlik gündəlik kiçik işlərini görməkdir, çətinliklərdən çıxış yolu axtarmaqdır.

Xoşbəxtlik vicdandır və vicdanın səni narahat etməməsidir. Əgər vicdanın səni narahat edirsə, xoşbəxt olmağa qoymursa, bunun səbəbini tapmalısan. O səbəb nədirsə, onunla üzləşməlisən. Çünki susdurulmayan və rahatlaşmayan vicdan təhlükəli ola bilər.

Xoşbəxtlik bir səviyyədir. Özünə biçdiyin, özünə layiq gördüyün bir səviyyə.

Leyla Kərimova

 

Отправить комментарий