×

Sokrat istehzası

Sokrat istehzası

Sokrat istehzası

Afinalı Sokrat e.ə 469 — cu ildə anadan olub. Sənəti daş oymaçısı olan Sokrat bu işi fəlsəfəyə qurban verib. Sokrat onu dinləmək istəyən hər bir insanla fəlsəfi mövzularda söhbət edirmiş. O, həyatını ləyaqətlə yaşamış, olduqca təmiz və vicdanlı insan olmuş, dövlətinə əsgər, eləcə də vətəndaş kimi xidmət etmişdi. Sokrat haqsızlığa qarşı cəsarətlə mübarizə aparmışdı. E.ə 399 — cu ildə ona ölüm hökmü kəsiləndə əlinə düşən fürsətdən istifadə edib qaçmaqdan imtina eləyərək qanuna tabə olacağını bəyan etmişdi.

Sokrat heç bir zaman fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə 370 — ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb.

Platonun dediyinə görə Sokratın həqiqətə çatmaq yolu belə olub. O, dinləyicilərindən hər hansı bir anlayışa ( məsələn, ədalət və ya yaxşılıq) tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual — cavab yolu ilə ( Sokrat üsulu) bəzi ziddiyyət və uyğunsuzluqlar aradan qalxır , müzakirə predmetinə aydınlıq gətirilirmiş. Platon bütün bunları sual — cavab tərzində qələmə aldığından onun oçerkləri də «Dialoqlar» adlanır.

Sokrat tez-tez sevdiyi daha bir üsula əl atırmış. O, özünü bilməməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə, Sokratın fağırcasına ona qulaq asmasından bir az da cürətlənərək düşüncələrini bölüşür və özünü əhəmiyyətli birisi sanmağa başlayırmış. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni- yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni indi anlamadığını dərk etməyə başlayırmış. İndi işin mahiyyətini anlamaq üçün özünü bilərəkdən avamlığa vurmaq Sokrat istehzası adlanır.

Отправить комментарий