×

Haralısan

Haralısan

Haralısan

Haralısan?

 

Bu yazını axmaq suallar silsiləsindən olan “HARALISAN?” sualı ilə başlamaq istəyirəm. Bu sualı nəinki axmaq, eyni zamanda sorğuya çəkilən adamı  təhqir edən, başlayan münasibəti korlayan bir sual kimi qəbul edirəm. Xarici ölkələrdə bu sual çox adi, təbii sual sayılır. Çünki  sadəcə insanın hansı bölgədən olduğunu öyrənmək üçün soruşulur. Xaricdə insanlara yaş barədə, evli olub- olmamaqları barədə, uşaqlarının olmağı barədə, qazandığı pul barədə suallar vermək etiket qaydalarına zidd olduğu üçün onlar heç vaxt belə suallar vermirlər.

“Haralısan?” sualı niyə verilir, gəlin bunu müzakirə edək. Bir  insan haqqında heç bir məlumat, yəni onun təhsili, dünyagörüşü, maraqları, siyasi fikirləri, ailəsi haqqında heç bir fikir olmadan ona “haralısan?” sualı verilirsə, deməli bu insanın şəxsi keyfiyyətlərini arxa plana ataraq onu artıq qəbul olunmuş bir qrupa salmaq istəyirlər. Belə qruplar isə çoxdur.  Bu qruplar da özlüyündə xırda qruplara bölünürlər.

Bu qrupların xarekterik cəhətləri odur ki, məsələn əgər sizin olduğunuz bölgə bu qruplardan birinə uyğundursa, bayaq saydığımız şəxsi keyfiyyətləriniz, ədəb — ərkanınız heç kimə lazım deyil. Müasir dövrdə  bu qruplar bir növ siyasi partiyalara oxşayırlar. Hər partiyanın öz şüarı, devizi, məqsədi olur. Bunun kökü ibtidai icma dövrünə gedib çıxır. Bir icmadan olan insanı digər icma üzvləri qəbul etmir, illər keçsə də ona  yad kimi, “gəlmə” kimi münasibət göstərirlər. Təzə gələn insan isə illərlə hünər, fədakarlıq göstərməlidir ki, yerli icma üzvləri onu özününkü kimi qəbul etsinlər. Əlbəttə, burada başqa bölgədən gələn insandan da çox şey asılıdır.

İnkişaf etmiş ölkələrdə yaşayan müxtəlif millətlərdən olan insanlar sərhədlərdən tərəddüd etmədən keçərək inteqrasiya prosesinə qoşulurlar. Onlar sözün əsl mənasında yaşayırlar. Yeni adətlər öyrənirlər, yeni dadlar kəşf edirlər, yeni gözəl hisslər keçirirlər. Bəs niyə görə kiçik bir ölkədə hələ də “haralısan?” sualı öz aktuallığını saxlayaraq, o ölkəni hissələrə bölmək istəyir?

Məqsəd nədir?

Nəzərə alsaq ki, bu sorğu – sual  yetkin insanlar arasında baş verir, qəbul etmək olar ki, bu, şüurlu şəkildə baş verən bir prosesdir. Niyə görə azyaşlıların, şagirdlərin, cavanların çoxunu bu sual maraqlandırmır?

Məktəb illərində sinfimizdə 30 şagird var idi. Bu şagirdlərin valideynləri müxtəlif bölgələrdən idilər. Biz o qədər mehriban idik ki, kimin hansı bölgədən olduğu bizi maraqlandırmırdı. Biri biri ilə qruplaşan uşaqların başqa düşüncələri var idi. Qruplaşmalar ən çox dərs prosesi, maraq dairələri üstündən qurulurdu.

Deməli, bu sual dar düşüncəli, dünyaya balaca bir dəlikdən baxan insanların məşğuliyyət formasıdır. Başqa bir halda isə bu sual bizi kiçik hissələrə bölmək üçün içimizdəki ermənilərin ortaya atdığı bir  çaxnaşmadır.

 

Отправить комментарий