×

Nurlan Əfəndiyev — Bu gün onun ad günüdür

Nurlan Əfəndiyev şəhid

Nurlan Əfəndiyev — Bu gün onun ad günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, II Qarabağ Müharibəsinin şəhidi Nurlan Mürvət oğlu Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. Xalxalqışlaqda məktəbə başlayan Nurlan orta təhsilini 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində bitirib. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdü. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdi. Ən böyük arzusu yanğınsöndürən olmaq idi. Qaçışla məşğul olur, rayon yarışlarında iştirak edirdi.

Nurlan 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olub. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alıb, yaxşı xidmət etdiyinə görə iki dəfə məzuniyyətə buraxılıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu Əfəndiyev müharibə zamanı Murovdağ döyüşlərində savaşıb. O, oktyabrın 6-da Murovdağ uğrunda mübarizədə Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənlə təmas xəttində “Cəngavər” döyüş mövqeyində qəhrəmancasına şəhid olub. Oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Nurlan Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda» , Kəlbəcərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şücaət nümayiş etdirdiyi üçün «Kəlbəcərin azad olunmasına görə» və ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən fərqləndiyi üçün «Hərbi xidmətlərə görə» medalları ilə təltif edilib.

Отправить комментарий