×

İnsulin rezistentlik (insulin dirənci)

insulin rezistentlik

İnsulin rezistentlik (insulin dirənci)

Orqanizmdə toxumaların insulin hormonuna qarşı həssaslığının itməsi insulin rezistentlik adlanır. İnsulin hormonu mədəaltı vəzdə yerləşən Langerhans adacıqlarınfa olan beta- hüceyrələr tərəfindən ifraz olunur. Qanda minimum miqdarda insulin daim mövcuddur, lakin şəkər səviyyəsi yüksəldikdə insulin xüsusilə aktiv şəkildə sintez olunur. Normalda bu, hər dəfə yeməkdən sonra baş verir. Karbohidratlar həzm zamanı qlükozaya (şəkərə) çevrilir və bu formada qana daxil olur.

Qan qlükozanı bütün orqan və toxumalara aparır, burada qlükoza enerjiyə çevrilir. Bu proses qlikoliz adlanır. Qlükoza beyin hüceyrələrinə, sinir liflərinə, gözün torlu qişasına, böyrəklərə və böyrəküstü vəzilərə maneəsiz nüfuz edir. Bu orqanlar insulindən asılı olmayan orqanlar sayılırlar. Digər hüceyrələrdə isə qlükozanın bir vasitəçiyə ehtiyacı olur. Bu funksiya isə insulin tərəfindən həyata keçirilir. İnsulindən asılı olan hüceyrələrin membranasında insulin reseptorları olur ki, bunlar da sanki qapı vəzifəsini daşıyır. İnsulin molekulları bu reseptorlarla birləşdikdə sanki qapı açılır və qlükoza hüceyrəyə daxil olur.

İnsulin rezistentlik zamanı isə hüceyrələr insulinə heç bir reaksiya verməyərək qlükozanı qəbul etmirlər. Nəticədə orqan və toxumalar lazımi qidanı almırlar, qanda qlükoza yüksək səviyyədə olur. Mədəaltı vəz isə insulin ifraz etməyə davam edir.

İnsulin rezistentlik necə inkişaf edir

Sağlam bir insanın bədənində qlükoza yeməkdən orta hesabla 3-4 saat sonra tamamilə udulur. Sonra qan şəkərinin səviyyəsi normal dəyərlərə enir — 4,5-7 mmol / l. Beyin mədəaltı vəziyə insulin istehsalını azaltmağı əmr edir, çünki insulinə hələlik ehtiyac olmur. Növbəti yeməkdən sonra bütün dövr təkrarlanır.

Kifayət qədər insulin varsa, qlükoza hüceyrələri enerji ilə doyurur və biokimyəvi çevrilmələr zənciri nəticəsində qaraciyərdə və əzələlərdə qlikogen polisaxarid şəklində toplanır. Bu, orqanizmin aclıq və ya fiziki fəaliyyət zamanı sərf edəcəyi strateji qlükoza ehtiyatını təşkil edir.

İnsulin rezistentlik olan insanlarda mədəaltı vəzi tez-tez insulin ifraz edir, lakin hüceyrə reseptorları ona cavab vermir və qlükozanı hüceyrəyə buraxmır. Nəticədə, qlükoza qan dövranında dolaşmağa davam edir, iltihabı təhrik edir və artıq çəkinin yaranmasına gətirib çıxarır, hüceyrələr isə qlükozasız qalır. Qanda qlükoza yüksək səviyyəsi qaldıqda, mədəaltı vəzi intensiv olaraq insulin ifraz etməyə davam edir — hiperinsulinemiya baş verir.

Vaxt keçdikcə mədəaltı vəz beta hüceyrələri gücdən düşürlər və insulin istehsalını dayandırırlar — bu halda artıq mədəaltı vəz disfunksiyasından danışmaq olar. İnsulin rezistentlik piylənmə və 2-ci tip diabet, hipertoniya, ürək-damar xəstəliyi, qaraciyər və böyrək xəstəlikləri, qadınlarda sonsuzluq, kişilərdə erektil disfunksiya və hətta qocalıq demensiyası — Alzheimer xəstəliyinə səbəb ola bilər.

Отправить комментарий