Cəlil Məmmədquluzadə — Şəhər və kənd
ŞƏHƏR VƏ KƏND
Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm. Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.
Bu xəbərdarlığı mən haman, evimizə övrətimin yanına gələn bir neçə qonşu övrətlərə edirəm.
Əhvalat belədir: övrətim Dilbər Ağdaşdan buraya gələndən sonra lap dəyişilib. Orada sadəcə dolanırdı və ev-eşik işlərinə, uşaqlara başı qarışıb, qeyri fikrə düşməzdi və camaatla və gəzib dolanmaqla heç işi olmazdı. Dünən birdən-birə mənə belə dedi:
– Bu Bakı nə gözəl şəhər imiş. Dünən Ürbabə bacı ilə gedirdik Hacı İmamqulugilə. Nə gözəl dükanlar gördük. Və hamısından artıq mənim xoşuma gələn bəzək dükanıdı. Yaman şeylər orada satırlar.
Və başladı bir-bir sadalamağa: qızıl üzüklər, daş-qaşlar, qızıl saatlar, bilərziklər, sırğalar, gərdən-bəndlər, mərcanlar, zümrüdlər, mirvarilər, flan və flan.
Bizim Dilbərin savadı yoxdur, onunçun da bu xəbərdarlığı oxumayacaq. Və onun çarşovlu rəfiqələrinin də savadı yoxdur və onlar da bu xəbərdarlıqdan xəbərdar olmayacaqlar. Odur ki, mən üzümü tuturam bizim evə tərəddüd edən övrətlərin savadlı ərlərinə və qardaşlarına və onlardan iltimas** edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər.
- Əvvəla: mənim övrətimin rəfiqələrinə yetirsinlər ki, o kəslər ki, bizim evə ayaq basırlar və övrətim Dilbərlə dostluq qatırlar, onlar həmişə bizim evə xoş gəlir, səfa gətirirlər və mənim gözümün üstə yerləri var.
- İkinci: bizim evə təşrif gətirən övrətlərdən iltimas edirəm həmişə övrətim Dilbərlə şəhəri gəzmək istəyəndə, qızıl bazara tərəf və cəvahirat satılan dükanlara tərəf mənim övrətimi aparmasınlar. Səbəb də budur ki, mən sabun zavodunda işləyirəm, ayda yetmiş iki manat məvacib alıram. Özümüz də altı baş külfətik. Qızıl və cəvahirat kooperativ mağazasından söhbət düşəndə övrətim Dilbəri inandırsınlar ki, bu mağaza fəhlə-fühlə arvadları üçün yox, incinar və böyük qulluqda olan əşxasın arvadlarından ötrü açılıbdır.
Dünən övrətimi tramvaya mindirib, bir dostumun evinə qonaq aparırdım. Tramvayda dörd nəfər bəzəkli qadın gördük. Birinin döşündə qızıl zəncirli saat var idi, birinin döşündə sapa düzülmüş kəhrəba dənələri və birinin qulağından minalı qızıl sırğalar asılırdı; birinin barmaqlarının üstündə üzüklər parıldayırdı.
Mən çöndüm Dilbərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi.
Övrətim mənə tərəf dərdli-dərdli baxıb bircə bunu dedi:
– Yəqin bunlar hamısı incinar arvadlarıdı. – Dedim:
– Əlbət.
Bu gün övrətdən bixəbər ərizə verdim mənim Ağdaş qulluğumu özümə qaytarsınlar.
Səbəb?
Orada, doğrudur, qızdırma var, amma qızıl dükanları yoxdur. Qızdırmadan bədənim narahat olur, amma qızıl dükanlarından ruhum rahatsız olur. Qoy bədənim narahat olsun, amma qəlbim inciməsin.
** Xahiş
Отправить комментарий