×

Autizm

Autizm

Autizm

Autizm nədir?

Autizm, emosional ifadə və ünsiyyətdə nəzərəçarpacaq çatışmazlığın olduğu zehni və psixoloji inkişafın pozulmasıdır. «Autizm» sözünün tərcüməsi özünə qapanmış insan mənasını verir. Sanki insanın içində başqa bir insan olur. Belə bir xəstəlikdən əziyyət çəkən insan heç vaxt öz emosiyalarını, jestlərini, nitqlərini başqalarına göstərmir, onun hərəkətləri çox vaxt ictimai məna daşımır. Autizmdə məhdud, stereotipik, təkrarlanan davranışlar müşahidə olunur. Xəstələrdə pozğunluqlar müxtəlif dərəcədə ola bilər. Bəzi xəstələrdə nitq və intellektual inkişafda pozğunluqlar müşayiət oluna bilər, bəzilərində isə olmaya bilər. Bu xəstəliyin diaqnozu ən çox uşaq yaşlarında qoyulur. Bu, erkən uşaq autizmi və ya  Kanner sindromu adlanır. Ən çox oğlan uşaqlarında rast gəlinir.

 Səbəbləri

Autizmin dəqiq səbəbləri mütəxəssislərə məlum deyil, lakin bu xəstəliyin inkişafına kömək edə biləcək bir sıra amillər var, bunlara daxildir:

  • Serebral uşaq iflici;
  • Hamiləlik və doğuş zamanı oksigen aclığı (hipoksiya);
  • Hamiləlik zamanı ananın keçirdiyi infeksion xəstəliklər (məxmərək, sitomeqalavirus);
  • Anada piylənmə (mütəxəsislər gtöstərirlər ki, hamiləlik zamanı anada piylənmənin və maddələr mübadiləsinin pozulması halları baş verərsə);
  • irsi meylilik (atanın və ya ananın nəslində bu xəstəliyə rast gəlmə halları).

 Əlamətləri

Uşaqlarda autizm müəyyən klinik əlamətlərlə ifadə olunur. Erkən uşaqlıq autizmi ilk dəfə hətta bir yaşlı körpədə də görünə bilər. Əlbəttə ki, yalnız bu problemi anlayan bir mütəxəssis dəqiq diaqnoz qoya bilər. Lakin valideynlər uşağında tez-tez aşağıdakı əlamətlərlə qarşılaşsalar, onda patologiyadan şübhələnə bilərlər:

  • böyüklərlə danışarkən uzağa baxır və heç vaxt göz təması qurmur;
  • həmyaşıdları ilə ünsiyyət maraqlı deyil, tək başına oynamağa üstünlük verir və oyun meydançasından uzaqlaşır;
  • təması sevmir və həmişə əsəbi olur;
  • müəyyən yüksək səslərə həssaslıq nümayiş etdirir;
  • danışmır, daha çox susur və danışırsa, istədiyini həmişə aydın ifadə edə bilmir;
  • tez-tez isteriya halları olur;
  • passiv və ya hiperaktiv olur;
  • vəziyyətin təhlükəsini dərk etmir, məsələn, rozetkaya əşyalar salır, əlinə iti əşyalar götürür və ya avtomobilin yüksək sürətlə getdiyi yolu keçməyə çalışır.

Autizmli uşaqlarda zəka

Bu xəstəliyin gedişindən asılı olaraq uşağın zehni inkişafında da autizmin bəzi əlamətləri görünə bilər. Əksər hallarda belə uşaqlarda yüngül əqli qüsur olur. Autizmli uşaqlar məktəbdə zəif oxuyur, materialı çətin qavrayır və xatırlamır, dərsdə diqqətini cəmləyə bilmir. Bütün bunlar baş beyində anomaliya və qüsurun olması ilə əlaqədardır.

Autizm xromosom inkişaf anomaliyaları, mikrosefaliya və ya epilepsiya nəticəsində yarandıqda, uşaqda dərin zehni gerilik yaranır. Uşaqlarda bu xəstəliyin əsas xüsusiyyəti seçici intellektdir. Bu o deməkdir ki, xəstə uşaqlar elmin müəyyən sahələrində — rəsm, riyaziyyat, oxu, musiqidə əla uğur göstərə bilir, lakin eyni zamanda digər fənlərdən xeyli geri qalırlar.

Autizmli xəstələrdə savantizm adlı bir vəziyyət mövcuddur.  Bu, autizmli bir uşağın və ya böyüklərin müəyyən bir sahədə çox istedadlı olduğu bir vəziyyətdir. Elə vaxt olur ki, autizmli insanlar yalnız bir dəfə eşitdikləri melodiyanı dəqiq şəkildə təkrar edə bilirlər və ya zehnində mürəkkəb misalları tez hesablayırlar. Dünyanın ən məşhur autizmli insanları Albert Eynşteyn, Vudi Allen, Endi Kaufmandır.

Autizmin müalicəsi

Autizmin müalicəsi yoxdur, ancaq  korreksiya üsullarının köməyi ilə uşağın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və onun ətraf mühitə mümkün qədər uyğunlaşmasına kömək edə bilərsiniz. Əlbəttə ki, valideynlər müəllimlərlə yaxından işləməli və uzun müddət gündəlik fəaliyyətlər həyata keçirməlidirlər.

Autizmli uşaqların valideynlərinə tövsiyyələr:

  • Siz qəbul etməlisiniz ki, sizin uşaq başqaları kimi deyil;
  • uşağın tam inkişaf etməsi və cəmiyyətdə mövcud ola bilməsi üçün əlverişli bir mühit yaratmaq üçün maksimum qayğı göstərməlisiniz;
  • mütəmadi olaraq mütəxəssislərlə məsləhətləşməlisiniz — psixoloq, ailə terapevti, psixoterapevt.

Mütəxəssislər dərmanların istifadəsinə yalnız uşağın cəmiyyətdə normal hiss etməsinə və tam inkişaf etməsinə mane olan davranış pozğunluqlarının göründüyü hallarda müraciət edirlər. Sakitləşdirici dərmanlardan, psixotrop dərmanlardan  yalnız həddindən artıq zərurət yarandıqda istifadə etmək məqsədəuyğundur.

Autizmli uşağın valideynləri başa düşməlidirlər ki, ağlama və şıltaqlıq özünə qapanma və ətrafda baş verənlərə tam laqeydlikdən daha yaxşıdır.

Uşağınıza həkim resepti olmadan Qlisin, valerian tabletləri və ya yuxu həbləri verməməlisiniz — valideynlər bu cür hərəkətlərlə körpəyə ciddi zərər verə bilərlər.

Proqnoz

Uşaqlarına autizm diaqnozu qoyulan valideynlər başa düşməlidirlər ki, bu, heç bir halda ölüm hökmü deyil. Körpəyə düzgün qulluq, ailədə əlverişli mühitin yaradılması və təmin edilməsi və mütəxəssislərin mütəmadi məşğələləri belə xəstənin tam hüquqlu şəxsiyyət kimi yetişməsinə, təhsil almasına və ailə həyatı qurmasına kömək edir.

Отправить комментарий