Andre Morua — Yad qadına məktublar
Yad qadına məktublar….
Gözəl yad qadın, doğru deyil ki, guya, bizlərdən hər birimizin həyatı bizim bu dünyaya doğulduğumuz ilk andan, yaxud hətta bir əsr öncədən nə dərk olunması, nə də məhv edilməsi mümkün olan bir qüvvə tərəfindən tam şəkildə və bütünlüklə müəyyən edilmişdir. Hansı dərəcədəsə bu, şübhəsiz ki, belədir. Səfeh kimi doğulsaydınız, sizin həyatınız da başqa cür olacaqdı, sizin gözəlliyiniz isə sizin təsir etmək gücünə malik olmadığınız valideynlərinizin xromosomlarının çulğaşmasının nəticəsidir. Bura onu da əlavə etmək lazımdır ki, bizim günlərimizdə cərrah sifəti yaxşıya tərəf dəyişdirə bilər, sima və ağıl insanları gözəlləşdirir və mənəvi rahatlıq üzün cizgilərindən oxunur. Qırx yaşdan sonra hər kəsin öz simasına görə məsuliyyət daşıması fikri kimə məxsusdur? İnsanın «taleyə düzəliş vermək» qabiliyyəti hər şeydən öncə bizim hadisələrə necə reaksiya verməyimizə əsaslanır.
Bu hadisələr öz ardıcıllığı ilə baş verir. Kimsə sizi sevir və sevgisini sizə etiraf edir. Amma müharibə onu sizdən oğurlayır; iqtisadi böhran onu müflis edir; onun həyatına başqa bir qadın daxil olur. Faktlar belədir. Lakin sizin bədbəxtliyinizin, yaxud xoşbəxtliyinizin səbəbləri təkcə bu çılpaq faktlarda deyil. Həmin hadisələrlə üzbəüz qalarkən sizin rəftarınız necə olacaq? Bax, ən başlıca sual məhz budur! Əksər situasiyalarda həyatınızın sonrakı bütün gedişatının sizin tərəfinizdən qəbul ediləcək qərardan asılı olduğu belə bir dəqiqə-yeganə dəqiqə-mövcud olur. Mən onu taleyi müəyyən edən dəqiqə adlandırıram. Nəyə görə söhbət yalnız bircə dəqiqədən gedir? Dünya özü belə qurulub. Xoş təsadüfün iki dəfə təqdim olunması çox nadir hadisədir.
Müharibədə məhz bu cür olur. Marnadakı döyüş müharibənin gedişatını dəyişmək üçün yeganə şans idi və onu bir anda, bir göz qırpımında reallaşdırmaq lazım idi. Fon Kluk irəli çox sürətlə gedirdi. Joffr və Qalyeni bundan istifadə etməyi bacardılar. Həmin gün-baxmayaraq ki, hələ heç kim bunu düşünmürdü-Almaniya müharibəni uduzdu. Eyni şey cinslərin «müharibəsində» də baş verir. Bir dəfə
elə bir an çatır ki, kişi nazını çoxdan çəkdiyi qadının gözlərində qəfildən hansısa bir acizlik, yumşaqlıq görür: bu onun qələbəsinin nişanəsidir. Burada çox şey öz rolunu oynayıb: xoş təsadüf, kənar adamların yoxluğu, söhbətin ahəngi, oxunmuş kitab, hansısa jest. Bir sözlə, qadın onun ixtiyarındadır. Amma əgər bu yeganə, bu uğurlu axşam biz onun hələ daha münasib şəraitlərdə və dəfələrlə
təkrarlanacağını düşünərək xoş təsadüfü əlimizdən buraxırıqsa, biz bəxtimizə düşən fürsət payını qaçırmış oluruq, özü də həmişəlik. Qadın ya qəfildən silkələnib ayılar, ya mümkün təhlükələri yadına salar, ya da qətiyyətsizliyə görə onun bizdən zəhləsi getməyə başlayar. Ən başlıcası isə qadın onu güzəştə sövq etmiş, təslimçiliyə meyilləndirmiş qeyri-adi şəraitin təsiri altından çıxar. Bu gün qələbə səy tələb etmirdi, şübhə doğurmurdu. Sabah isə o əlçatmaz olacaq.
Taleyi müəyyən edən dəqiqə haqqında
Mən dünən Mereditin çox gözəl bir əsərini «Faciəvi məzhəkəçilər» romanını təkrar oxuyarkən taleyi müəyyən edən belə dəqiqə haqqında düşüncələrə daldım. Bu, kübar əsilli gənc bir qıza vurulmuş və artıq başqa birisinin nişanlısı olsa da, qızı öz gözəlliyi və talantı ilə fəth etməyi bacarmış alman mütəxəssisi və ictimai xadimi Ferdinand Lassalın həyatının təsviridir. Bir dəfə qız ona demişdi: «Mənim ailəmdə sizə ikrahla yanaşırlar. Gəlin bir yerdə qaçaq!» O yubadırdı: «Nəyə görə sizin həyatınızı qalmaqalla korlayaq? Bir neçə ay səbr edək və biz sizin valideynlərinizin razılığı ilə evlənərik». O, beləcə heç zaman heç nə əldə etmədi-nə razılıq aldı, nə arvad; qızın nişanlısı tərəfindən dueldə öldürüldü, vəssalam. Ah, məğrurluq və ehtirasın əcaib oyunu! Bədbəxt Lassal öz şərəfini qoruyarkən çox səfeh şəkildə məhv oldu. Sevgilisi ondan ötrü göz yaşları axıtdı, amma artıq çox gec idi. Qız sonradan qatilə ərə getdi. Çox gec. Xanım, bu dəhşətli sözlərin qurbanlığına çevrilməkdən özünüzü qoruyun.
Mənə başqa bir oxşar hadisə də tanışdır: axırıncı müharibə vaxtı bir qadın onu sevən zabitdən ərə getmək təklifi almışdı. Qadın düşünmək üçün zabitdən yalnız bir gecəliyə möhlət istəmişdi və ertəsi gün zabitə yazmışdı ki, bəs bu təklifə razıdır. Lakin həmin gün-1940-cı ilin 10 mayında almanların həmləsi başlandı və zabit cəbhəyə göndərildi; qadının məktubu it-bata düşüb ünvana çatmadı. İkiqat iflas ucbatından–öz ölkəsinə və öz hisslərinə görə ümidsizliyə düşən zabit ölümün nazını çəkməli oldu. Bu üzüyola xanım, bir qayda olaraq, öz kavalerlərini diqqətsiz buraxmır… Həmin qadının qismətinə acı peşmanlıq, təəssüf hissi düşdü. Çünki qadın bu nikahı çoxdan arzulayırdı, möhləti yalnız abır və ləyaqət hissinə görə xahiş etmişdi. Bəyəm elə həmin dəqiqə «Hə» demək daha yaxşı olmazdımı? Nəsihət: Mənə yubanmadan cavab verin. Əlvida.
Отправить комментарий