Vətən
Vətən – əcdadımızın mədfənidir.
Vətən – övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz.
Olsa da o şəxsdə vicdan olmaz.
Görkəmli şairimiz Abbas Səhhətin bu misralarını oxuduqca fikirləşirsən, doğrudan da Vətəni sevməmək olarmı? Vətənini sevməyən insan yəqin ki, həyatda heç nəyi sevmir. Öz ailəsini, evini sevən, qoruyan insan birinci növbədə Vətənini sevməlidir.
Vətən nə deməkdir? Vətən ancaq doğulub yaşadığımız bir yer deyil. Şəhərlərimiz, rayonlarımız, kəndlərimiz bu ərazilərdə yaşayan insanlarımız – hər biri Vətəndir. Vətənini sevən insan onun daşını, torpağını, təbiətini, insanlarını da sevir. Öz elini, obasını sevən adamın hər bir işində bu sevgi özünü biruzə verir. Vətəni sevmək hər bir vətəndaşın borcudur. Hər birimiz bu məqsədlə əlimizdən gələni etməliyik. Sənətimizdən asılı olmayaraq Vətənimizin, insanlarımızın qayğısına qalmalıyıq. Bunun üçün biz Vətənimizin coğrafiyasını, tarixini, incəsənətini, mədəniyyətini dərindən bilməliyik. Bir sözlə özümüzü tanımalıyıq. Biz özümüzü tanımasaq, başqa ölkələr də bizi tanımaz. Coğrafiyamızı, tariximizi, keçmişimizi yaxşı bilməliyik ki, dəfələrlə torpaqlarımıza göz dikən düşmənlərimizi tanıyaq. Tarixi abidələrimizi, musiqilərimizi tanımalı və qorumalıyıq.
Bir sözlə Vətəni sevirsənsə, onu qorumalısan. Bizim əcdadlarımız torpaqlarımızı qoruyaraq bu günlərə gətiriblər. Bizim də borcumuzdur ki, onlara dönük çıxmayaq, onların davamçıları olaq. Mənim fikrimcə, Vətəninin bir qarış torpağını itirən adam ruhən heç vaxt xoşbəxt ola bilməz. Vətən itkisi olan adam istənilən uğuru qazansa da həyatında daim boşluq hiss edəcək. Ancaq Vətənin firavanlığı bir nəfərdən asılı deyil. Öz vətəninin uğruna hamı bir olmalıdır. Belə olarsa, Vətən heç vaxt basılmaz.
Отправить комментарий