×

Şovinizm nədir

şovinizm

Şovinizm nədir

Zəfərlə başa çatan istənilən müharibəni şanlı hesab edənlər daim qədim zamanların fatehlərini misal gətirirlər. Düzdür, bu zaman onların insanlara etdikləri zülmlər və çəkdirdikləri əziyyətlər barədə susurlar. Hər xalqın, hər ölkənin öz qəhrəmanları var : Davudlar, İsgəndərlər, Böyük Karllar, Fridrixlər, Qustavlar, Adolflar və bu minvalla sonsuza qədər.

Yeni tarixin ən məhşur sərkərdəsi qalib — general kimi diqqəti ilk dəfə 1796 — cı ildə özünə cəlb etmiş səkkiz ilə yaxın Fransanın imperatoru olmuş korsikalı Napoleon Bonapartdır.

O, təxminən iyirmi il fransız ordusuna bir çox hərbi yürüşlərdə başçılıq etmiş, bu zaman ərzində ayıq başla və vaxtında verdiyi düzgün qərarlar sayəsində parlaq qələbələr qazanmışdı. Bu qələbələrin əldə edilməsində qarşı tərəfdə vuruşan ordulara rəhbərlik edənlərin, əsasən, səriştəsiz bambılılar olduğunun da rolu az deyildi.

Sonda Napoleonu elə öz qələbələri aldatdı. O, çata bilməyəcəyi məqsədin mövcud olmadığına özü də inanmağa başladı və Rusiyanın sonsuz ərazilərini fəth etmək üçün yüzlərcə mil məsafəlik yürüşə çıxdı. Napoleon arxasınca 500 000 adam aparırdı. Rusiyaya gəlmək çox asan idi, bunu təkcə Napoleon yox, ondan əvvəl də, sonra da digər sərkərdələr sübut etmişdilər. Amma belə bir ordunu Rusiyadan az itkilərlə çıxarmaq çox qəliz idi. Napoleon cəmi 5000 insanı xilas edə bildi.

Napoleon Fransanın böyük bir nəslini öz şöhrətpərəstliyinə qurban verdi və həlledici döyüşdə məğlub oldu. Fransa bir daha dünyada hakim mövqe tutmadı.

Fransa bütövlükdə özünü Napoleonsuz yaxşı hiss etsə də, fransızlar arasında ( Fransa ordusunun veteranları) Napoleonun həmin ağılsız və mənasız yürüşünü Fransa tarixinin şərəfli səhifəsi hesab edənlər də var idi. Onlardan biri Nikola Şoven idi. O, yorulmaq bilmədən Napoleonu təriflədiyindən hətta dostları da ona gülürdülər. Şoven bu qəribəliyi ilə bütün Fransa da tanındı. «Şovinizm» sözü isə bir milləti kor — koranə şəkildə digərlərindən üstün hesab edən ifrat millətçiliyi ifadə etməyə başladı. Biz hərdən kişi şovinizmindən də söz açırıq. Bu zaman kişilərin qadınlardan üstün olduğuna inanan adamları nəzərdə tuturuq.

Ayzek Azimov

Отправить комментарий