Samid Əsgərov — Bu gün onun ad günüdür
Şəhid Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 1996-cı ildə Neftçala rayonu, Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almışdır. 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə C.Naxçıvanski adına hərbi litseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmiş, ona leytenant hərbi rütbəsi verilmişdir. 2012-ci ilin iyul ayının 26-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilmişdir.
Şəhid kapitan Əsgərov Samid Gülmalı oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Seyidəhmədli kəndi istiqamətində döyüşə başlayır. Düşmənin keçilməz səddinin yarılmasında Samid Əsgərov böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman «Polad Həşimovun» adına uyğun olaraq Polad Həşimov hərəkatı adlandırılıb. Ağır döyüşlər zamanı Samid Əsgərov qəlpə yarası almasına baxmayaraq döyüşü davam edir. Yenidən düşmən tərəfindən atılan minaatan vasitəsilə Samid Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 03 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi Qəbirstanlığında dəfn olunub. Ailəli olub. Əsgərli Kənan adlı bir oğlu var.
Şəhid Əsgərov Samid Gülmalı oğlu xidməti dövründə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı ilə, «Azərbaycan ordusunun 100 illiyi» yubiley medalı ilə, «Qüsursuz Xidmətə Görə» 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda» medalı ilə və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.
Отправить комментарий