×

Məndən küsmüş uşaqlığım

uşaqlıq

Məndən küsmüş uşaqlığım

MƏNDƏN KÜSMÜŞ UŞAQLIĞIM

 

Qapının zəngi çalındı. Qaçıb tələsik qapını açdım. Gələn dayım idi. Amma tək deyildi, qucağında balaca bir qız uşağı ilə gəlmişdi. Onlar içəri girib evdəki qonaqlara qarışdilar.

Mən uşaq olanda dayım Vətəndən uzaqda işləyirdi. Qayıdanda gəlişi həmişə toy-bayram olardı. Heç kimi yaddan çıxartmazdı, hamıya gözəl hədiyyələr gətirərdi.

Amma aradan illər keçmişdi, artıq mən uşaq deyildim, dayım da yaşlanmışdı. Bu dəfə bizə hədiyyə əvəzinə balaca qız uşağı gətirmişdi. Nədənsə, heç kim bu uşağın kim olduğunu soruşmurdu. Onun təxminən 3-4 yaşı olardı. Bədəni arıq olsa da, üzü girdə olduğundan çox şirin görünürdü. Qısa dağınıq saçları üzünə tökülürdü. Yaşının kiçik olmağına baxmayaraq elə bil hamını tanıyırdı bu uşaq, elə bil qanlı müharibələrə, nəsil dəyişmələrinə şahid olmuşdu, elə bil dünyanı dərk eləmişdi, elə bil daxildən böyümüşdü. Evdəkilərdən kim ona yaxınlaşırdı, mehribancasına gülümsəyib etiraz etmədən qucağına gedirdi. Mən də elə hey fürsət axtarırdım ki, yaxınlaşıb onu qucağıma alım. Ətrafında fırlanıb nəvaziş göstərməyə çalışırdım. Amma o, sanki məni görməməzliyə vururdu, yox imişəm kimi davranırdı. Onun diqqətini cəlb etmək üçün bizdə olan bütün vaxtı onu izlədim. Bir ara divanda tək oturduğunu gördüm, tez yaxınlaşıb divanın qarşısında əyilib oturdum.

Soruşdum:

—  Mənim üçün heç darıxmamısan?!

—  Qısaca “yox!” dedi.

Daha heç nə demədim. Mən bu balaca qızı tanıyırdım. Bir vaxtlar şən, şıltaq, güclü, cəsarətli, gözləri par-par işıldayan həyatsevər və xoşbəxt uşağı lap çoxdan tanıyırdım.

O, məndən küsmüşdü, çünki mən ona xəyanət etmişdim, verdiyim sözləri yerinə yetirməmişdim. Onun xəyallarını, arzularını gerçəkləşdirməmişdim. Mən bu balaca qızı tək buraxıb qaçmışdım, onunla birgə mübarizə aparmamışdım. Deməli, mən onu yetərincə sevməmişdim.

O, bu qısaca “yox” cavabı ilə məndən tamamilə üz döndərmişdi. Axı mən cəsarətli, acizliklərlə barışmayan, ədalətsizliyə “yox” deyən, həmişə öyrənən və öyrədən, idarə edən, özünə güvənən biri olacaqdım. Mən isə bütün çirkinliklərə göz yummuşdum, susmuşdum, acizləşmişdim. Mübarizəni dayandırıb, sanki barışmışdım. Hətta bu balaca qız belə bunları görmək istəmirdi.

Bu balaca, məndən küsən qız uşağı mən idim, özüm idim. Bu mənim “məndən küsmüş uşaqlığım” idi.

Mən ümid edirəm ki, biz onunla bir də görüşəcəyik və o məni gülümsəyərək qarşılayıb, bərk-bərk qucaqlayacaq.

Leyla Kərimova

 

Отправить комментарий