×

Çirkinlər şəhəri

Çirkinlər şəhəri

Çirkinlər şəhəri

Heç bir halda heç nə sizi gözəlləşdirə bilməz, əgər ruhunuz gözəl deyilsə….

İndi hamı məhşur bir aforizmi yada salacaq. ( əsas xarici gözəllik deyil, əsas daxili gözəllikdir) Bunu hərfi mənada başa düşüb başlayacaqlar daxili gözəl, özü çirkin birini axtarmağa. Axtarmağın səbəbləri isə müxtəlif olacaq. Bəziləri bu aforizmi sübutunu, bəziləri isə əksini tapmağa çalışacaqlar.

Bu şəhərdə əksəriyyət çirkin idi. Bu çirkinlik xarici görünüşlə əlaqəli deyildi. Hətta süni şəkildə dodaqlara yapışdırılmış amerikan gülüşü heç kimi xilas edə bilmirdi.

Ilk baxışdan hər şey gözəl görünürdü bu şəhərdə. Hamı gözəl geyinirdi, hamının çox şeyi var idi, hamı çalışırdı ki, uğur qazansın, hamı harasa tələsirdi, hamı müxtəlif yollarla pul qazanmaq istəyirdi. Hamı təhsil almağa çalışırdı. Təhsil almaq sözünü gəlin universitetdə oxumaq sözü ilə əvəz edək. Hamı fikirləşirdi ki, yaxşı balla universitetə girən mütləq axırda yaxşı pul qazanacaq. Yəni oxumağa ancaq pul qazanmaq yolu kimi baxırdılar. Oxumaq, öyrənmək  isə bir əqidə və həyat yolu olmalı idi. Amma məqsədlərin biri insanı çox cazibədar, xarizmalı, xoşbəxt biri kimi inkişaf etdirəcəkdi. Digəri isə oxumuş dəllala çevirəcəkdi.

Bu şəhərdəki insanalrın çirkinliyinin səbəblərindən biri  yaddaşlarının zəif olmağı idi, bəzilərində tamamilə itməsi idi. Mən fikirləşirəm ki, yaddaş insanı insan edən, onu gözəlləşdirən, özünəməxsus edən ən vacib amillərdən biridir. Yaddaşsız, xatirəsiz insan axmaq və boş görünür. Yaddaş insanı güclü, əzəmətli görsədir. Ağıl zəifliyi olan insanlar birinci yaddaşlarını itirirlər, onun dalınca da hər şeyi. Bəzən böyük bir ağacın yanında özünü o qədər gözəl hiss edirsən ki. Ağac insana böyük ev kimi görünür. Bu hiss 100 illik ağacın yaddaşının ötürdüyü hissdir.

Çirkinlər şəhərində heç kim susmurdu, haqlı- haqqsız, yalan-doğru, yerli-yersiz hamı danışırdı, hamı haqlı olmaq istəyirdi, heç kim eşitmək istəmirdi. Bir filmdə biri gördüyü hadisədən şok yaşayıb ömürlük susmuşdu, lal olmuşdu. Buradakı insanlar elə bil heç nə görmürdülər, bir hadisə olanda ondan nəticə çıxarmaq hissiyatı ölmüşdü. Əvvəldə söhbət, ünsiyyət deyilən bu vəziyyət çox qəribə bir hal almışdı. Söhbət edən iki insan demək olar ki, biri birinə qulaq asmırdılar. Elə bil söz güləşməsinə çıxmışdılar. Biri səbirsizliklə digərinin sözünün bitməsini gözləyirdi ki, öz sözlərini muncuq kimi düzsün. O birisi isə qurtarmaq bilmirdi, mövzudan mövzuya keçirdi. Ona görə də digər həmsöhbət pusquda gözləyirmiş kimi fürsətin gəlməyini gözləyirdi. Söhbətin sonunda hər iki tərəf boş enerji itkisi yaşayaraq ayrılırdılar və uzun müddət görüşməkdən qaçırdılar.

Bu şəhərdə hamı qocalmaqdan qorxurdu. Elə bilirdilər yaşla gələn qırışlar onları çirkinləşdirir, onları insanlıqdan çıxarır. Əslində bəzi qırışların necə özünəməxsus gözəllik gətirdiyindən xəbərsiz idilər. Onlar qırışsız üz dərisi, cazibədar bədən forması ilə həmişə möhtəşəm görünmək istəyirdilər. Buna görünüş olaraq nail olurdular, donmuş bir oyuncaq kimi bir dəqiqəlik gözəl görünürdülər. Amma insan olduqlarını unutduqlarına görə bu nəticə uzunmüddətli olmurdu. Nəticədə özünəməxsusluğunu itirərək başqalarına oxşayırdılar, adi olurdular. Bir müddət özlərinə vurğun gəzdikdən sonra yenidən narazılıq kompleksi baş qaldırırdı, özlərində qüsur axtarırdılar və tapırdılar. Çünki nəyi axtarırsansa, onu tapırsan.  Hamı sanki biri birinin güzgü əksinə dönürdü. Beləcə bir soyuq müharibə gedirdi bu ruhları çirkin, özləri “gözəl” insanların arasında. Müharibədə iştirak edənlərin hamısı məğlubiyyətə uğrayacaqdı sonda. Çünki gözəllik uğrunda gedən bu soyuq müharibə gözəlliyin nə olduğunu bilməyənlər arasında gedirdi.

Gözəllik əslində mənliklərdə, üzlərin ifadələrində, bədənlərin əzalarında, gülüşlərin özünəməxsusluqlarında, nitqlərin fərqliliyində, gözlərin baxışlarında idi. Gözəllik  fərdilikdə idi. Onlar isə bunları silib eyniləşdirmişdilər.

Ardı var…….

Leyla Kərimova

Отправить комментарий