Balakişiyev Xəyal — Bu gün onun ad günüdür
Xəyal Müseyib oğlu Balakişiyev 1994-ci il oktyabrın 17-də Bakı şəhərində doğulub, orta təhsilini Yasamal rayonundakı Həzi Aslanov adına orta məktəbdə başa vurub. Hərbi xidmətini Ağdam-Füzuli istiqamətində – düşmən səngəri ilə üzbəüz keçirib. Baş çavuş idi. Hərbi xidmətdən qayıtdıqda özü ilə gətirdiyi bayrağı ürəyinin başında gəzdirirdi. Bayraq sevdalısı idi və elə son mənzilə də bayrağa bükülərək getdi.
Döyüşə getməzdən öncə sosial şəbəkə hesabında «Mən bu günləri nə qədər gözləmişəm, Tanrım!» yazan Xəyalın ən böyük arzusu – Vətənə oğul olmaq arzusu çin oldu.
Xəyal Milli Ordu sıralarında baş atıcı olaraq fəal iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan minomyot atəşi nəticəsində 25 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhadətə yüksəlib.
Xəyal cəbhədə olarkən – oktyabrın 17-də 26 yaşı tamam olmuşdu. Anası Nazimə xanım onun üçün sovqat göndərmək istəyini bildirəndə Xəyal – «Ana, mən ad günümü inşallah, Şuşanı azad edəcəyimiz gün qeyd edəcəm”, — demişdi.
Canı ilə Vətən torpağına sipər olan qəhrəman 27 Oktyabr 2020-ci ildə Bakı şəhərində Qurd Qapısı şəhidliyində torpağa tapşırılıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Xəyal Balakişiyev ölümündən sonra “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Отправить комментарий