×

Babamın cənnəti

cənnət

Babamın cənnəti

Leyla Kərimova

BABAMIN CƏNNƏTİ

 

Nənəm rəhmətə gedəndən sonra babam evini, cənnət kimi bağını qoyub bizə şəhərə köçmüşdü. Babamın adı Yusif idi. Yusif peyğəmbərin adından götürülmüşdü. Əvvəllər yay tətillərində hamımız kəndə gedərdik. Birinci Qarabağ müharibəsi başlayandan sonra, kəndimiz düşmənlər tərəfindən işğal olunandan sonra biz daha kəndə gedə bilmədik. Babam rəhmətə gedənə kimi bizimlə qaldı və bir daha öz Vətənini görmədi. Babam həmişə öz həyat hekayəsində maraqlı səhnələr danışırdı. Bir gün babamdan soruşdum:

— Baba, sən cənnət, cəhənnəmə inanırsan? O heç fikirləşmədən cavab verdi:

— Ay bala, cənnət də, cəhənnəm də bu dünyadadır!

— Niyə elə deyirsən, baba?

— Mən ikisini də bu dünyada görmüşəm.

1943-cü ilin sonu idi. Qaranlıq bir gecədə soyuq rus meşəsində çarəsiz göyə baxırdım. Artıq neçə gecə keçdiyini belə xatırlamırdım. Ağır yaralı idim. Ayağımın birini hiss etmirdim. Ətrafımda qalaq-qalaq əsgər meyitləri var idi. Sakitcə ölümü gözləyirdim. Yatılı vəziyyətdə gözümün önündən bütün həyatım gəlib keçirdi. Evimi, anamı, yoldaşımı, oğlumu fikirləşdim. Onları bir daha görə biləcəyəmmi? İnanmıram. Müharibə sürərkən artıq üçüncü dəfə idi ki, yaralanırdım. Hər dəfə də müalicə olunub geri qaytarılırdım. Deyəsən artıq bu son idi. Bu çöllərdə, bu meyitlərin arasında heç kimin məndən xəbəri yox idi. Kim məni xilas edəcəkdi? Xəyalımda uşaqlığım canlanırdı.

Atam hörmətli kənd mollası idi, 40 yaşında vəbadan vəfat etmişdi. Uşaqlığım birinci dünya müharibəsi dövrünə təsadüf etmişdi. Bolşeviklər əmilərimi tutub aparanda mən yeniyetmə idim və evdə ən böyük kişi idim. İşləməli və ailəni dolandırmalı idim. Məni məktəbdən çıxardıb çobanlıq etməyə göndərdilər. Amma mən oxumaq istəyirdim. Beləliklə təhsilim yarımçıq qalmışdı. İllər keçirdi və mən işləyib bacı qardaşlarıma kömək edirdim. Onlar təhsil alırdılar.

Birinci dünya müharibəsindən sonra çətinliklər, dağıdılmış evimizi yenidən qurmaq mənim çiyinlərimə düşən ağır yük idi. Mən bunu bacarmışdım. Gözəl ev tikmişdim, böyük bağ salmışdım. Ailə qurub övlad sahibi də olmuşdum. Amma bu xoş günlərin ömrü az imiş.

Bir gün anam səhər tezdən dedi:

— Ay bala, bu gecə bir yuxu görmüşəm. Gördüm ki, böyük bir üzümlükdə üzüm yığıram.

— Ay ana, nə pis yuxu görmüsən. Üzüm göz yaşıdır, fəlakətdir. — dedim.

Fəlakət özünü çox gözlətmədi. Bu ikinci dünya müharibəsi idi. Mən və iki qardaşım müharibəyə yollandıq. Əziyyətlə tikib qurduğumuz elimiz obamız yenə tək qaldı.

Müharibə amansız idi. Hər gün Rusiyanın çöllərində, meşələrində minlərlə insan — azərbaycanlı, özbək, qırğız, qazax, tacik, tatar, rus, gürcü, ləzgi ət kimi silahların qarşısına çıxırdı. Bir neçə dəqiqədən sonra göydə uçan ayaqlar, qollar, başlar görünürdü. Bu bir cəhənnəm idi. Geriyə qayıtmaq üçün özü özünü vuranlar da az deyildi. Sağ qalanlar təkrar-təkrar bu dəhşəti yaşayırdılar. Döyüşlər arası əsgərlərə verilən yemək payını səbirsizliklə gözləyirdik. Bu payın içində çörək, araq və tütün var idi. Mən araq içmirdim, tütün də çəkmirdim. Amma mənə verilən çörək payı bəs eləmirdi. Bəzən öz araq və tütün payımı çörəklə dəyişdirirdim. Ağır döyüşlərdə acından it pişik əti yediyimiz də yadıma gəlirdi.

Qulağıma gələn səs məni xatirələrdən ayırdı. Bəlkə də küləyin səsi idi. Ən əsası düşmən əsgərləri olmasın. Tərpənə bilmirdim. Ancaq göyə baxırdım. Səmada bulanıq ay görünürdü. Bizim tərəflərdə səma başqa cür idi, gözəl idi, sakit, aylı-ulduzlu idi. Müharibədə heç kimin bir-birinə yazığı gəlmirdi. Amma mən bir dəfə düşmən əsgərlərini görüb rəhm eləmişdim. Yenə bir gün bizim tağım düşərgə qurmuşdu. Düşərgənin yanında bir göl var idi. Adəti üzrə iki əsgər gölə gedib su gətirməli idi. Biri su götürür, digəri pusquda durub onu qoruyurdu. Bu gün də mənim və əsgər yoldaşımın növbəsi idi. Gölə yaxınlaşanda səs eşitdik. Ağacların arasından baxdıq. İki alman əsgəri göldən su götürürdülər. Onlar bizi görmürdülər. Biz onları rahat öldürə bilərdik. Amma mən dedim:

— Qoy, suyu götürüb getsinlər. Onlar da insandırlar. Həm də su içəndə adamı ilan da vurmur.

Onlar su götürüb getdilər. Bəlkə də başqa vaxt onlar da bizə rəhm edəcəkdilər.

Qulağıma gələn səslər yavaş-yavaş yaxınlaşırdı. Bu bizim əsgərlər idi. Qışqırıb: “Mən sağam, burdayam” demək istədim. Amma səsim batmışdı. Onlar fənərlə meyitlərə baxırdılar, sağ qalanları axtarırdılar. Onlardan birinin səsini aydın eşidirdim, o, rusca deyirdi:

— Artıq neçə gün keçib. Burda kimsə sağ qalmaz. Gəl, gedək.

Məni dəhşət bürümüşdü. Var gücümü toplayıb bir də qışqırmaq istədim. Bilmədim səsim çıxdı ya yox. Taqətdən düşmüşdüm. Birdən üzümə fənər işığı düşdü. Əsgər qışqırdı:

— O, sağdır.

Məni hospitala apardılar. Tibb işçiləri ayağımın ağır yaralandığı və sağlam yeri olmadığı haqqında danışırdılar. Fikirləşirdim ki, yəqin ayağımı kəsəcəklər.

Səhər oyananda əlimi ayağıma atdım. Ayağım yerində idi. Rahatlaşdım. Sonralar cərrahın ayağımı saxlamaq üçün çox əziyyət çəkdiyini, məhv olmuş toxumaların hamısını təmizlədiyini öyrəndim. Sanki ayağımı yonmuşdular, yalnız sümük qalmışdı. Amma həkimə çox minnətdar idim. Həm məni, həm də ayağımı xilas etmişdi.

Babam bunları danışdıqdan sonra soruşdu:

— Çayın var, bala?

— Var, baba. Bu dəqiqə verərəm. Lap sənə təzə çay dəmləyərəm.

— Yox, elə isti su olsa da olar.

— Baba, bəs qardaşların necə oldu?

— Qardaşım Kərim sağ qayıtdı, İsmayıl isə itkin düşdü. Gözəl oğlan idi, müəllim idi. Heyif.

Babam müharibədən qayıtdıqdan sonra atam anadan olmuşdu. Uzun illər aclıqla mübarizə aparmışdılar, qışda qışlağa, yayda yaylağa köçmüşdülər. Babam çox işləmişdi, ev tikmişdi, böyük bağ-bağat salmışdı. Kənddə çox gözəl şərait yaratmışdı. Babam bağında hər cür meyvə ağacları əkmişdi, hər il bostanında bol-bol tərəvəzlər yetişdirirdi. Bağın bir ucundan ac girib, digər tərəfindən tox çıxmaq olurdu. Babamın həyəti qonaqlı-qaralı olardı, uzaq yoldan gələn heç kim babamın evində yeyib doymamış səfərinə davam etməzdi. Babamın kənddə çox böyük hörməti var idi. Çünki o, çox dürüst, zəhmətkeş, ədalətli adam idi. Kənd camaatı xeyir və şər işlərində babamı çağırırdılar və bütün mübahisəli məsələləri onunla məsləhətləşirdilər.

Babam yaşamadığı gözəl uşaqlığı bizə yaşatdırırdı. O, həyatda gördüyü bütün əziyyətlərdən, bütün cəhənnəmlərdən, çəkdiyi bütün zəhmətlərdən sonra öz cənnətini yaratmışdı. Biz aydın səmanın altında əmin-aman yaşayırdıq, ucsuz-bucaqsız bağlarda qaçıb oynayır, gül-çiçəkli çəmənlərdə kəpənəkləri, cırcıramaları seyr edirdik, heyvanları sevirdik, bir-birimizlə yarışaraq bulağa su gətirməyə qaçırdıq, axar çaylarda rəngli daşlar yığırdıq, gecələr çardaqda, eyvanda aylı-ulduzlu göylərə baxıb xəyal quraraq yuxuya gedirdik. Onun yaratdığı bu cənnətdə biz çox xoşbəxt idik. Lakin bu da uzun çəkmədi. Bu cənnət yenidən cəhənnəm oldu. Birinci Qarabağ müharibəsi başladı. O cənnət yox oldu, xarabaya çevrildi.

Babama yazığım gəlirdi, tək qalmışdı, sanki qəfəsdə idi. Yaşı artıq 90-ı keçmiş bu qocanın taleyinə müharibələr və cənnətlə cəhənnəmi yer üzündə görmək yazılmışdı, həyatın hər üzünü görmüşdü. Soyuq havalarda yaralanmış ayağı həmişə ağrıyırdı. Soyuğu sevmirdi və həmişə deyirdi:

— İstidən adama heç nə olmaz. Soyuqdan özünüzü qoruyun.

Bəzən eyni əhvalatları bizə dəfələrlə danışırdı. Biz isə bu əhvalatlara nağıl kimi baxırdıq.

Babam 92 yaşında öldü. Biz çox kədərləndik. Dünya çox cəhənnəmlər və cənnətlər gördü.

Amma mən babamın cənnətini gördüyüm üçün çox şanslı idim.

 

Отправить комментарий