Azərbaycan ya rus bölməsi
Övladı məktəb yaşına çatmış çox insanı həmişə bir sual maraqlandırır. Uşağı azərbaycan, ya rus bölməsinə qoyum? Maddi imkanı yaxşı olanlar bu barədə fikirləşmək ehtiyacı duymadan övladlarını özəl məktəblərdə birbaşa ingilis bölməsinə yazdırırlar. Əhalinin çoxu isə övladlarının gələcəyini fikirləşərək azərbaycan və rus bölməsi seçimində çətinlik çəkirlər. Bəs niyə dövlət dili azərbaycan dili olan müstəqil Azərbaycanda hələ də rus bölməsi belə dəbdədir? Bunun səbəbləri çoxdur.
Hələ mən universitetdə təhsil alarkən özümə söz vermişdim ki, gələcəkdə ailə qursam, övlad sahibi olsam, onların təhsili mütləq öz ana dilimizdə olacaq. Buna bir az da acıqla qərar vermişdim. Baxmayaraq ki, mən təhsil aldığım illər Azərbaycanın müstəqillik əldə etmiş dövrlərinə təsadüf edirdi, hələ də rus və azərbaycan bölməsində oxuyan tələbələrə ayrıseçkilik münasibəti göstərilirdi. Rus bölməsində təhsil alanlar hər bir sahədə bizdən bir neçə addım qabaqda idilər. Amma mənəvi dəyərlər baxımından mən özümü daha çox qiymətləndirirdim. Mən həmişə fikirləşirdim ki, insanın maraqlı, gözəl, savadlı olmağı üçün onun rus və ya azərbaycan bölməsində oxumağı vacib deyil. Sadəcə insanların mənəvi dəyərlərinə baxmadan, onların şəxsi keyfiyyətlərini nəzərə almadan bu ayrıseçkilik bizdə həmişə var idi. Elə ona görə də mən qərar verdim ki, övladımı azərbaycan bölməsinə yazdırıb elə uşaq tərbiyə edəcəm ki, hər kəs məəttəl qalacaq.
Qərarımı niyə dəyişdirdim
Amma sonra fikrimdən daşınmalı oldum. Fikirləşdim ki, bir insanın öz ana dilini sevməyi, Vətənə sevgi və başqa mənəvi dəyərlər onun ailəsində olan abu-hava ilə bağlıdır. Ailən Vətəni sevirsə, öz doğma dilini sevirsə, sən də sevəcəksən. Ən birinci də ailədə olan tərbiyə və səmimi sevgidir. Əgər bir ailədə tərbiyə, mədəniyyət yoxdursa, bu ailənin hansı dildə danışmağının heç bir önəmi yoxdur. Söyüş, qarğış, tənə, qiybət, şikayət eşidilən dil sevilə bilməz. İnsanlar əslində dili yox, o dildə danışdıqları mövzuları sevirlər.
Yaşadığımız coğrafiya bizdən ətrafımızda olan və bizi ürəkdən sevməyən güclü ölkələrin dilini öyrənməyi tələb edirdi. Ona görə də uşaqlarıma əziyyət verməmək üçün qərarımı dəyişdirib onları rus bölməsinə qoydum. Bu yolla daha çox məlumat alacaqlarını, nəticəyə daha tez gələcəklərini anlayırdım. İstənilən halda mənim uşaqlarım öz doğma dilini biləcək və bu dili və Vətənini sevəcəklər. Rus dilini yüksək səviyyədə bilən Vətəni sevən uşaqların öz Vətəninə daha çox xeyri olcağını fikirləşirəm.
Əlbəttə ki, bu mənim hekayəm idi. Hər kəs öz ətraf mühitinə, ailəsinə görə bu qərarı verməlidir. Mənim fikrimcə insanda ən birinci yerdə duran keyfiyyətlər mədəniyyət, ailə sevgisi, mərhəmət hissinin olmağıdır. Bu keyfiyyətləri olan insan istənilən dil bölməsində oxusa da, o, həmişə dilinə, Vətəninə sadiq qalacaq.
Leyla Kərimova
Отправить комментарий