×

9 noyabr — Dövlət Bayraq Günü

Bayraq günü

9 noyabr — Dövlət Bayraq Günü

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir.  «Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin».

Hazırkı üçrəngli və ay-ulduzlu bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Dövlət bayrağımız bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamı tərənnüm edir.

Ölkə prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

2010-cu il sentyabrın 1-də prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

 

Azərbaycan bayrağı

Отправить комментарий