Ömər Xəyyam
Kimin bir çörəklik buğdası vardır,
Başını çəkməyə yuvası vardır,
Nə ağadır, nə də kimsəyə nökər,
Şad olsun, zənn etsin dünyası vardır.
Ömər Xəyyam
Bu gün 4 dekabr 1131 -ci ildə vəfat etmiş dahi şair, riyaziyyatçı, astronom, filosof Ömər Xəyyamın xatirə günüdür. Ömər Xəyyam 18 may 1048 — ci ildə Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. 8 yaşından riyaziyyat, astronomiya, fəlsəfə elmlərini öyrənməyə başlamışdır və dörd ildən sonra Nişapur mədrəsəsində (müsəlman təhsil müəssisəsi) tələbə olmuşdur. Sonralar Bəlx, Səmərqənd və Buxara mədrəsələrində də təhsil almışdır. Orada İslam hüququ və tibb kurslarını fərqlənmə diplomu ilə bitirərək hakim (həkim) ixtisası almışdır. Gənc yaşlarında valideynlərini itirdiyinə görə doğulduğu şəhəri tərk edib Səmərqəndə gəlmişdir. 4 ildən sonra Xəyyam Buxaraya köçüb və kitab emalatxanasında işləməyə başlayıb. Bu iş təcrübəsi onun elmi işinə öz töhfəsini verib. Buxarada 10 il ərzində 4 riyazi traktat yazıb.
1074-cü ildə Xəyyam İsfahandakı ən böyük astronomik rəsədxanaya rəhbərlik etməyə başlamışdır, daha sonra Məkkəyə həcc ziyarətinə getmişdir. 1097-ci ildən həkim işləyib.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. «Riyazi problermlərin nümayişinə dair» traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Ömrünün son 10-15 ilində filosof insanlarla az təmasda olub, təkliyə üstünlük verib. 1131-ci il dekabrın 4-də vəfat etmişdir. Tarixçilərin fikrincə, şair ölümünə az vaxt qalmış İbn Sinanın (İbn Sina) “Şəfa kitabı”nı oxuyurmuş. “Tək və cəm ” bölməsinə çatdıqdan sonra səhifəni qeyd edərək, ayağa qalxıb, dua edib və vəfat edib.
Ömər Xəyyam yaradıcılığı təkcə Orta Asiya və İran xalqlarının mədəniyyəti üçün deyil, həm də bütün bəşəriyyət üçün heyrətamiz tapıntı sayılır. Onun fizika, riyaziyyat və astronomiya sahələrindəki elmi kəşfləri dünyanın bir çox dillərinə tərcümə olunub. “İlan kimi sancılan” şeirlər hələ də son dərəcə tutumu, qısalığı, obrazlılığı, vizual vasitələrin sadəliyi, çevik ritmi ilə insanı valeh edir. Xəyyam fəlsəfəsi İntibah dövrünün humanistlərinin yaradıcılığını xatırladır. O, bu dünyanı müvəqqəti hesab edərək, cəmiyyətdə hökm sürən mövcud nizam-intizamı, dini ehkamları və əxlaqsızlıqları pisləyib.
Şad ol, ömrü vurma kədərlə başa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki, dünyanın sonu yoxluqdur,
Zənn et yoxsan, ömrü azad vur başa.
Отправить комментарий