×

Hüseyn Cavid

Hüseyn Cavid

Hüseyn Cavid

QIZ MƏKTƏBİNDƏ

– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
Pəki, sənin anan, baban varmı?
– Var.
Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə…
– Öylə isə, gеydiyin gеyim niçin böylə sadə?
Yoqmu sənin incilərin, altın biləziklərin?
Söylə, yavrum! Hiç sıqılma…
– Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yoq qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
– Pək doğru söz… Bu dünyada sənin ən çoq sеvdiyin
Kimdir, quzum, söylərmisin?
– Ən çoq sеvdiyim ilkin
O Allah ki, yеri-göyü, insanları xəlq еylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi еlçilər.
– Başqa sеvdiklərin nasıl, yoqmu?
– Var…
– Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar

Həyatı

Bu gün 5 dekabr filosof şair, böyük dramaturq, Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biri Hüseyn Cavidin xatirə günüdür.  Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət, mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illər arasında mollaxanada davam etdirən Hüseyn 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı və istedadlı pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə” məktəbində oxumuş, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsinin müdavimi olmuşdur. Hüseyn ilk şeirlərini də məhz həmin dövrdə qələmə almış, müəllimləri və ədəbi-mədəni mühiti tərəfindən gələcəyin böyük şairi kimi səciyyələndirilmişdir.
1906-1908-ci illər arasında Türkiyədə İstanbul Universitetinin Ədəbiyyat Bölümünün müdavimi olan Hüseyn Rasizadə “Vərəmli qız” adlı poetik əsəri ilə İstanbulda keçirilən şeir müsabiqəsində iştirak etmiş və mükafata layiq görülmüşdür.

1909-cu ildə “Cavid” ədəbi təxəllüsünü seçmiş və bundan sonra özü və onun ailəsi bu soyadla tanınmışdır.

Fəaliyyəti

Hüseyn Cavid 1910-cu ildə Azərbaycana qayıtmış və bir müddət Gəncədə ruhani seminariyasında və Tiflisdə “Aliyev uçeniye” məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1915-ci ildə Bakıya köçən H.Cavid “Səfa” məktəbində müəllim işləmiş, burada təşkil olunmuş “Ədəbiyyat komissiyası”na üzv seçilmişdir. 1918-ci ildə erməni quldur dəstələrinin Bakıda türk genosidi törətdikləri zaman Hüseyn Cavid Təbrizə, oradan isə doğma vətəni Naxçıvana getmiş, həmin şəhərdəki “Rüşdiyyə” məktəbində müəllim işləmiş, gələcək ömür-gün yoldaşı Mişkinaz xanımla ailə həyatı qurmuşdur. Bu izdivacdan 1919-cu ildə oğlu Ərtoğrol, 1923-cü ildə isə qızı Turan dünyaya gəlmişdir. Azərbaycan Demokratik Respublikası (1918-1920) qurulduqdan sonra 1919-cu ildə yenidən Bakıya köçən H.Cavid hazırlıq kurslarında ədəbiyyat fənnini tədris etmiş, bir müddət qız məktəbində şəriətdən dərs demişdir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının iclasında idarə heyətinin üzvü, həmin ilin iyulunda isə Azərbaycan Müəllimlər konfransında Təlifat (nəşriyyat) Heyətinə seçilmişdir. H.Cavid ömrünün son on yeddi ilini Bakı Müəllimlər Seminariyası – Darülmüəllimin ilə bağlamış, istedadlı bir müəllim kimi də tanınmışdır.
H.Cavid 1920-ci ilin martında “Yaşıl qələm” dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan komissiyanın, 1921-ci ilin avqustunda “Tənqid-təbliğ” teatrının repertuar komissiyasının, 1923-cü ilin yayında Azərbaycan yazıçı, ədib və şairlərinin təşkilat komissiyasının, bir neçə ay sonra təşkil olunmuş “Azərbaycan ədib və şairlər dərnəyi”nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
1924-cü ildə Bakıdakı II dərəcəli 16-cı qız məktəbinə H.Cavidin adı verilmişdir.

1937-ci il Azərbaycanın bir çox görkəmli ziyalıları kimi Hüseyn Cavidin də taleyində qara izlər buraxmışdır. Həmin ilin iyun ayının 3-də Cavidə qarşı “millətçi” ittihamı irəli sürülmüş, ertəsi gün böyük şair və dramaturq həbs olunmuşdur. Tam iki il müddətində Cavid Keşlə və Bayıl həbsxanalarında ağır dustaqlıq şəraitində yaşadıqdan sonra 1939-cu ilin 4 iyulunda anti-sovet təbliğatında iştirakına görə 8 il həbs cəzası alaraq Sibirə sürgün edilmişdir. Uzun illərin mənəvi-psixoloji təzyiqlərindən sonra səhhəti pozulmuş şair, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat etmişdir.

QOCA BİR TÜRKÜN VƏSİYYƏTİ

Yavrularım! Еy ömrümü şənləndirən, güldürən,
Alnı açıq oğullarım, gözəl, yosma qızlarım,
Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,
Ömrüm vəfa еtməz bana, bəlkə pək az yaşarım.
Artıq bana dar gəliyor həp şu əngin üfüqlər,
Sanki ruhum qanatlanıb şimdi pərran olacaq.
Qarşımızda yanğın kibi görünən al şəfəqlər,
Еhtimal ki, yarınki gün bəni sönmüş bulacaq.
Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz,
Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin.
Gеtməliyim, vəsiyyətsiz ölsəm ruhum şad olmaz,
Qulaq vеrin sözlərimə, birər-birər bəlləyin.
İlk istəyim: hiç bir zaman sеvgidən əl çəkməyin,
İnsan oğlu sеvgi için yaratılmış, doğmuşdur.
Yеr yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.
Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun,
Vicdanınız еlmas kibi nur saçaraq parlasın.
Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun,
Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın.
Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sеvər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır.
Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın,
Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın.

 

Отправить комментарий